İDMAN
Azarkeşlərə top və idman köynəkləri hədiyyə edilmişdir
Göyçay, 28 noyabr (AZƏRTAC). AFFA-nın təşkilatçılığı ilə Göyçay rayonunda futbol üzrə “Coca-cola məktəbli kuboku” turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonda futbolun təbliği və kütləviliyinin artırılması, məktəblilər arasında futbola marağın yüksəldilməsi məqsədilə Göyçay Olimpiya İdman Kompleksində keçirilən yarışda məktəblərin VII sinif şagirdlərindən ibarət 12 komanda iştirak etmişdir. Olimpiya sistemi ilə keçirilən turnirdə Ləkçıplaq kənd 2 saylı və Qızılağac kənd məktəbinin VII sinif komandaları rəqiblərinə qalib gələrək finala vəsiqə qazanmışlar. Yarışın rayon turunun final görüşləri yaxın günlərdə keçiriləcək. Həmçinin, ilk iki yeri tutan komandalar “Coca-cola məktəbli kuboku” turnirinin Bakıda keçiriləcək final oyunlarında iştirak etmək hüququ qazanmışdır. Yarışı AFFA-nın, Göyçay rayon Gənclər və İdman İdarəsinin, “Coca-cola” şirkətinin, eləcə də rayon təhsil şöbəsinin, məktəblərin nümayəndələri, futbol həvəskarları izləmişlər.
Xatırladaq ki, iki gün davam edən oyunlara azarkeşlik edən şagirdlərə “Coca-cola” şirkəti tərəfindən top və köynəklər hədiyyə edilmişdir.