İQTİSADİYYAT
Azərbaycan 2015-2016-cı illərdə daha iki peykini orbitə buraxacaqdır
Bakı, 12 fevral (AZƏRTAC). Azərbaycan 2015-2016-cı illərdə daha iki peykini orbitə buraxacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 12-də keçirdiyi mətbuat konfransında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev demişdir.
R.Nəbiyev bildirmişdir ki, peyk bazarında fəaliyyət göstərən operatorlarından fərqli olaraq “Azərkosmos” ASC öz fəaliyyət istiqamətini həm telekommunikasiya, həm də yerin müşahidə peyklərinin inkişafına yönəltmişdir. Buna görə də Azərbaycan 2015-ci ildə ilk yerin müşahidə peykini orbitə buraxmağı planlaşdırır. Bu peyk əsasən fövqəladə halların proqnozlaşdırılması, kortoqrafiya və coğrafi məqsədlərdə istifadə olunacaqdır.
ASC-nin sədri qeyd etmişdir ki, 2016-cı ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaqdır. “Azərspace-1” peyki Azərbaycan ərazisini tam əhatə etdiyindən, ikinci peyk əsasən kommersiya məqsədi ilə istifadə olunacaq və peykin əhatə dairəsi tam fərqli olacaqdır.