SİYASƏT
AZƏRBAYCAN ABŞ İLƏ MÜNASİBƏTLƏRƏ XÜSUSİ ƏHƏMİYYƏT VERİR
Azərbaycan ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Bu münasibətlər böyük təkamül yolu keçmiş, dostluq və əməkdaşlığımız hazırki strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Barak Obamaya ünvanladığı təbrik məktubunda qeyd edilmişdir.
Azərbaycan Prezidenti bildirmişdir ki, bu gün bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindən biridir.
Məktubda deyilir: “Biz xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının səylərini alqışlayır, münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tezliklə öz həllini tapacağına, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə böyük ümidlər bəsləyirik”.
Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da uğurla inkişaf edəcəkdir.