ELM VƏ TƏHSİL
Azərbaycan alimi Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının sessiyasında iştirak edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafıya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə sentyabrın 24-dən 27-dək Rusiyanın Kostroma şəhərində keçiriləcək “Konstruktiv coğrafi fikirlər və fundamental coğrafi tədqiqatların inkişafı” mövzusunda elmi sessiyada iştirak edəcək.
Coğrafıya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ukrayna, Belarus, ABŞ, Rusiya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdən elm adamları iştirak edəcəklər.
Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının və Rusiya Elmlər Akademiyasının Fundamental Coğrafi Problemlər üzrə Birləşmiş Elmi şuralarının təşkilatçılığı ilə keçirilən sessiyada Elbrus Əlizadə “Azərbaycanda struktur-geomorfoloji tədqiqatların inkişafı (İ.P.Gerasimovun fikirləri əsasında)” mövzusunda məruzə edəcək.