İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankının məcmu kapitalı 61 faiz artmışdır
Bakı, 23 iyul (AZƏRTAC). Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 24,8 faiz artaraq 2013-cü il iyulun 1-nə 6,42 milyard manata çatmışdır.
ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, bankın kredit portfeli illik müqayisədə 31,2 faiz artaraq 2013-cü il iyulun 1-nə 4,473 milyard manat olmuşdur. Fiziki şəxslərə verilmiş kreditlər 518,8 milyon manat təşkil etmişdir.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,482 milyard manata bərabər olmuşdur. Bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 40,7 faiz çoxdur.
Bankın məcmu kapitalı il ərzində 61,4 faiz artaraq 765,56 milyon manata, nizamnamə kapitalının həcmi 340 milyon manata çatdırılmışdır.
ABB-nin 2013-cü il I yarımillik üzrə xalis mənfəəti illik müqayisədə 44,6 faiz artaraq 24,3 milyon manat təşkil etmişdir.