İDMAN
Azərbaycan boksçuları Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak edirlər
Bakı, 28 mart (AZƏRTAC). Ukraynanın Xerson şəhərində Mikola Manqerin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başlanmışdır.
AZƏRTAC xəbər verir ki, yarışda Ukrayna, Azərbaycan, Gürcüstan, Türkiyə, Misir, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Rusiya və Ermənistan komandaları iştirak edirlər.
Yarışın ilk günündə rinqə çıxan boksçularımızın hamısı qələbə qazanmışlar. 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev ilk döyüşünü qalibiyyətlə başa vurmuşdur. Son Azərbaycan çempionatının bürünc mükafatçısı ukraynalı Anton Kosseni məğlub etmişdir. Tamerlan Abdullayev (69 kq) də yarışa qələbə ilə başlamışdır. Azərbaycan çempionu moldovalı Valeri Sirbu ilə döyüşdə çətinlik çəkməmişdir.
Ötən il 21 yaşlılar arasında Avropa çempionu olmuş Elvin İsayev (60 kq) ilk görüşdə məşqçilərimizin etimadını doğrultmuşdur. Milli komandamızın üzvü Rusiya idmançısı Sergey Krasnitskini üstələmişdir. London Olimpiadasının iştirakçısı Soltan Migitinov (75 kq) isə Ukrayna boksçusu Vladislav Voytalyuku yarışdan kənarlaşdırmışdır.
Yarışa martın 30-da yekun vurulacaqdır.