MƏDƏNİYYƏT
Azərbaycan Böyük Britaniyada keçirilən “Beynəlxalq həftə”də təmsil olunmuşdur
London, 28 mart (AZƏRTAC). Böyük Britaniyanın Şərqi İngiltərə Universitetində keçirilən “Beynəlxalq həftə”də Azərbaycan da təmsil olunmuşdur. Tədbirdə dünyanın müxtəlif ölkələrindən tələbələr milli adət və ənənələrinə aid ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.
İki hissədən ibarət tədbirin ilk hissəsində qonaqlara Azərbaycan mətbəxinin müxtəlif təamları ilə yanaşı, Novruz şirniyyatları da təqdim olunmuş, iştirakçılara xalqımızın adət və ənənələri, milli mədəniyyətimiz haqqında ətraflı məlumat verilmişdir.
Tədbirin ikinci hissəsində Azərbaycanın, xüsusilə də Bakının gözəlliklərindən bəhs edən videoçarx nümayiş etdirilmiş, “Dağlar rəqsi” ifa olunmuşdur.
Universitetin azərbaycanlı tələbələri Orxan Yusubov, Kənan Mehdizadə, Vüqar Bəbirli, Süleyman Məmmədli, Heydər Heydərov, Tural Məlikli və Aysel Nuriyeva “Beynəlxalq həftə”də fəal iştirak etmişlər.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London