İQTİSADİYYAT
Azərbaycan Dəmir Yolları Astara (İran)–Moskva sərnişin qatarının istifadəyə verilməsini təklif edib
Bakı, 9 fevral, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Dəmir Yolları Astara (İran)-Moskva sərnişin qatarının istifadəyə verilməsini təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İran və Rusiyaya bununla bağlı təkliflər verilib və İran tərəfi buna hazır olduğunu bildirib. “Astara (İran)-Moskva istiqamətindən sərnişin daşınması üçün biz Rusiyanın qatarlarından istifadə olunmasını təklif edirik”.
Xatırladaq ki, İranın Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Abbas Zamani bildirmişdi ki, Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətti istismara verildikdən sonra yüklərin daşınması ilə yanaşı, sərnişindaşıma da həyata keçiriləcək. “Gələcəkdə sərnişinlər Tehran-Moskva qatarı ilə Astaradan keçməklə Rusiyaya da gedə biləcəklər”, - deyə o bildirmişdi.