İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” QSC-də konteyner daşımaları barədə fikir mübadiləsi aparılıb
Bakı, 22 yanvar, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-də Çin Xalq Respublikasının “Cedar Ave Capital” şirkətinin nümayəndə heyəti ilə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Bildirib ki, “Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi zamanın tələbidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bütün qüvvələri səfərbər edirik.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində görülən işlər, eləcə də ötən il avqustun 3-dən etibarən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə həyata keçirilən konteyner daşımaları ilə bağlı fikir mübadiləsi aparılıb.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.