İQTİSADİYYAT
Azərbaycan dəmiryolunda təmir işləri ilə əlaqədar “texniki pəncərə” olacaqdır
Bakı, 12 yanvar (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanvarın 17-18-də dəmiryolunun bəzi hissələrində hərəkət rejimini müvəqqəti dəyişdirəcəkdir.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ələt-Astara magistral avtomobil yolunun 9 kilometr hissəsinin tikintisi layihəsi çərçivəsində, Yeni Ələt-Xıdırlı mənzilinin 7 kilometrində dəmir yolu xətti üzərindən keçən yeni yol ötürücüsünün 2 nömrəli aşırım tirləri qoyulacaqdır. Bununla əlaqədar olaraq yanvarın 17-də saat 7.00-dan 17.00-dək, yanvarın 18-də isə saat 10.00-dan 17.00-dək Yeni Ələt-Xıdırlı mənzilində hər iki yolda qatarların hərəkəti dayandırılmaqla “texniki pəncərə” veriləcəkdir.
Nəticədə yanvarın 17-18-də Keşlə-İmişli-Keşlə elektrik qatarı Keşlə-Hacıqabul-Şirvan-İmişli-Şirvan-Hacıqabul-Keşlə marşrutu ilə hərəkət edəcəkdir.