Azərbaycan dənizçilərinin şəxsiyyət sənədi və sertifikatlarının etibarlılıq müddəti uzadılıb

Bakı, 30 mart, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyi koronavirus (COVID-19) pandemiyasının davam etdiyi şəraitdə Azərbaycan dənizçilərinin rahatlığının və fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların şəxsiyyət sənədlərinin və sertifikatlarının (diplomların) etibarlılıq müddətinin iyunun 30-dək uzadılması barədə qərar qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, uzadılma Azərbaycan Respublikası, həmçinin xarici dövlət bayrağı altında üzən gəmilərdə çalışan dənizçilərimizin 2021-ci il sentyabrın 1-dən 2022-ci il martın 31-dək olan dövrdə etibarlılıq müddəti bitmiş şəxsiyyət sənədinə, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun olaraq verilən sertifikatlara (diplomlara) şamil edilir.
Məsələ ilə bağlı Agentlik Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarətini və dövlət bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərib.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər qeyd olunan bir sıra sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını Dövlət Dəniz və Liman Agentliyinin [email protected] elektron ünvanına təqdim etməlidir: Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub; Mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan dənizçinin gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş; Əmək müqaviləsinin surəti.
Eyni zamanda, dənizçilər 2021-ci il sentyabrın 1-dək etibarlılıq müddəti bitmiş xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üçün Agentlik tərəfindən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğunluğu haqqında Şəhadətnamə” verilmiş təhsil və təlim müəssisələrinə, sertifikatlarının (diplomlarının) verilməsi və yenilənməsi üçün isə Dövlət Dəniz və Liman Agentliyinə müraciət edə bilərlər.