AZƏRBAYCAN DİLİNDƏ LATIN QRAFİKASI İLƏKÜTLƏVİ NƏŞRLƏRİN HƏYATA KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq olunsun (siyahı əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin.
3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki,
- Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2005-2008-ci illərdə latın qrafikası ilə yenidən çapı nəzərdə tutulan əsərlərin siyahısını bir ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Azərbaycan Respublikasının Nazirlər Kabineti və respublikanın maliyyə qurumları ilə birlikdə müvafiq plan-qrafik tərtib edib latın qrafikası ilə yenidən nəşr olunması nəzərdə tutulan kitabların çapını təmin etsin;
- Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını, latın qrafikasında “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın yaradılmasını təmin etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 yanvar 2004-cü il.