ELM VƏ TƏHSİL
Azərbaycan dilinin dialekt və şivələri ilə bağlı yeni monoqrafiya çap olunub
Bakı, 4 mart, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Kübra Quliyevanın “Azərbaycan dili dialekt və şivələrində qohumluq münasibətləri bildirən sözlərin leksik-semantik xüsusiyyətləri” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın redaktoru Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Məhərrəm Məmmədli, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Güntəkin Binnətovadır.
Kitabda dialekt və şivələrdə işlənən qohumluq münasibətləri bildirən sözlərdən bəhs edilib, onlardan bir qisminin fonetik fərqliliklərinin səbəbləri araşdırılıb, leksik-semantik baxımdan diferensiallaşması, fərqlilikləri göstərilib, bir sıra sözlərin etimoloji izahı, qadın və kişi xətti üzrə işlənmə və inkişaf formaları, müasir dövrdə bölgələrdə qorunub qaldığı formaları və lüğəti verilib.
Əsər mütəxəssislər, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.