ELM VƏ TƏHSİL
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ AVSTRİYA KİTABXANASININ AÇILMASINA DAİR MÜQAVİLƏ İMZALANMIŞDIR
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılmasına dair müqavilə imzalanmışdır.
İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov Azərbaycan ilə Avstriya arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
Rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışan rektor, eyni zamanda, ADU-də açılacaq Avstriya kitabxanasının səmərəli fəaliyyət göstərəcəyinə əminliyini söyləmişdir.
Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Silvia Mayer Kaybiç dünyada 56 Avstriya kitabxanasının fəaliyyət göstərdiyini xatırladaraq, ADU-da da açılacaq kitabxananın əhəmiyyətini diqqətə çatdırmışdır.
Sonra müqavilə imzalanmışdır.
Sənədi S.Seyidov və S.M.Kaybiç imzalamışlar.