ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində “Ertun Sze” Çin bayramı qeyd edilmişdir
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbdə fəaliyyət göstərən Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində “Ertun Sze” (Uşaq Günü) Çin bayramı keçirilmişdir.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov bayram münasibətilə uşaqları və valideynləri təbrik etmişdir. Uşaqların hüquqlarının təmin edilməsi, onların hərtərəfli inkişafı, sağlamlıqlarının qorunmasının Azərbaycanın dövlət siyasətinin prioritetlərindən olduğu diqqətə çatdırılmışdır. R.Abbasov bu siyasətin həyata keçirilməsində daim uşaqlara diqqət və qayğı göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunu qeyd etmişdir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və bu qurumun əməkdaşı Turan Əbdürəhmanova AQUPDK-nın uşaq hüquqlarının pozulmasının qarşısını almaq üçün həyata keçirdiyi islahatlardan, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində nəzərdə tutulan xüsusi dövlət proqramlarından danışmışlar.
ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbələri “Çində uşaqların həyatı” mövzusunda təqdimatla çıxış etmiş, “Szyançji” Çin xəttatlıq sənəti ilə bağlı dərs aparmış, uşaqlara “Tayszisyuan” Çin gimnastikasının fərdi elementlərini öyrətmişlər.
Sonra bayram konserti olmuşdur. Konsertdə Çin xalq mahnıları səslənmiş, ənənəvi “Şir” rəqsləri ifa olunmuş, əyləncəli Çin uşaq müsabiqələri keçirilmişdir.
Tədbirin balaca iştirakçıları çay süfrəsində Çinin milli şirniyyatlarından dadmışlar.
Sonda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Li Yunxuey səfirliyin adından uşaqlara hədiyyələr vermişdir.