SİYASƏT
Azərbaycan diplomatı etimadnaməsini Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın baş direktoruna təqdim etmişdir
Bakı, 28 yanvar (AZƏRTAC). Yanvarın 28-də Azərbaycanın Niderlanddakı səfiri, eyni zamanda Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) yanında daimi nümayəndəsi Mirhəmzə Əfəndiyev etimadnaməsini qurumun baş direktoru Əhməd Üzümçüyə təqdim etmişdir.
Azərbaycanın Niderlanddakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə KSQT-nin baş direktoru Ə.Üzümçü ölkəmiz ilə əməkdaşlığından məmnunluğunu bildirmiş, rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
Səfir M.Əfəndiyev Azərbaycanın KSQT ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini söyləmişdir.
Diplomat Azərbaycanın xarici işlər nazirinin ikitərəfli əlaqələrin genişləndirilməsi ilə əlaqədar KSQT-nin baş direktorunun Bakıya səfər etməsinə dair dəvət məktubunu ona təqdim etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.