MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında beynəlxalq konfrans keçirilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında UNESCO-nun nəzdindəki Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) Azərbaycan Milli Mərkəzinin ilk konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransı Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Əməkdar Artist Mübariz Həmidov açaraq, ölkəmizdə fəaliyyət göstərən teatrlar haqqında ətraflı məlumat vermişdir.
Bildirmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Bakıda keçirilən birinci Beynəlxalq Kukla Teatrı Festivalında dünyanın nüfuzlu teatr qurumlarının nümayəndələrinin iştirakı əməkdaşlıq baxımından təqdirəlayiqdir.
M.Həmidov diqqətə çatdırmışdır ki, Gənc Tamaşaçılar Teatrı cari ilin mayında ASSİTEJ-in üzvü seçilmiş və teatr bu təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunmuşdur. Ötən müddət ərzində mərkəzin üzvləri seçilmiş, strukturu, fəaliyyət planı hazırlanaraq ASSİTEJ-in Xorvatiyada yerləşən baş ofisinə təqdim olunmuşdur.
M.Həmidov həmçinin Azərbaycan Milli Mərkəzinin gələcək planları barədə də ətraflı məlumat vermişdir.
ASSİTEJ-in prezidenti İvetta Hardi qonaqları salamlayaraq Beynəlxalq Kukla Teatrı Festivalında və bu konfransda iştirakından məmnunluğunu bildirmiş, rəhbərlik etdiyi qurum haqqında ətraflı məlumat vermişdir.
İ.Hardi Gənc Tamaşaçılar Teatrının ASSİTEJ-ə üzvlüyünün hər iki tərəf üçün təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə uşaq və gənclərin teatra olan marağından və Azərbaycan teatrlarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə verdiyi dəyərli töhfələrdən söz açmışlar.