MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Kann kino festivalında iştirak edəcəkdir
Bakı, 11 may (AZƏRTAC). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Rasim Cəfərovun rol aldığı “Torn” qısametrajlı filmi Kann kinofestivalının müsabiqədənkənar proqramında nümayiş olunacaqdır.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 14-dən 25-dək davam edəcək festivalda iştirak etmək üçün teatrın aktyoru bu günlərdə Fransaya yola düşəcəkdir.
Festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş “Torn” filminin rejissorları Elmar İmanov və Engin Kundağdır. İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur. Film Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlmişdir.
Məlumat üçün bildirək ki, “Rejissor həftəliyi” Kann kinofestivalının xüsusi paralel proqramıdır. 1968-ci ildəki çıxışlardan sonra yaranaraq bütün dünyanın müstəqil müəllifləri üçün platforma rolunu oynayır. Bir zamanlar burada Verner Hersoqun, Fassbinderin, Hanekenin, Cim Carmuşun, Skorsezenin, Koppolanın və başqa indi məşhur olan o zamankı gənc rejissorların debüt işləri təqdim olunmuşdur.