ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində karyera günləri keçirilir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Karyera Mərkəzində “Uğurlu karyeranı qur!” devizi ilə karyera günlərinin açılışı olmuşdur.
ADİU-nun dosenti Məhəmməd Cəmilov AZƏRTAC-a bildirmişdir ki, tədbirin məqsədi tələbə və magistrləri mərkəzin fəaliyyəti və layihələri ilə tanış etmək, eləcə də mütəxəssislər tərəfindən karyeranın inkişafı ilə əlaqədar iştirakçılara məsləhətlərin verilməsidir.
İki gün davam edəcək karyera günlərində tədbir iştirakçılarına CV-lərin tərtib edilməsi üzrə fərdi məsləhətlər veriləcək, Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri tərəfindən “Uğurlu müsahibədən keçmə” üzrə təlimlər keçiləcək, tələbələr karyera mərkəzinin resursları ilə tanış olacaqlar.
Tədbirdə, həmçinin iştirakçılara karyera ilə bağlı bröşürlər paylanmışdır.