ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Tələbə Proqramı” layihəsinin təqdimatı olmuşdur
Bakı, 9 aprel (AZƏRTAC). Aprelin 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Risk Peşəkarları Assosiasiyasının (ARPA) növbəti “Tələbə Proqramı” layihəsinin təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin elm və informasiya texnologiyaları üzrə prorektoru, professor Əvəz Bayramov layihənin əhəmiyyətindən danışmış, belə proqramların gənclərin gələcəyini təmin etməyə yardımçı olacağına əminliyini ifadə etmişdir.
ARPA-nın Direktorlar Şurasının sədri Rüfət Mahmudov layihə barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, birillik “Tələbə proqramı”nın məqsədi maliyyə sektorunda karyera qurmaq istəyən tələbələri istiqamətləndirmək, onlara bir sıra sahələrdə praktiki treninqlər keçmək və təcrübə imkanlarını genişləndirmək, universiteti bitirmiş tələbələrə iş tapmaqda yardım etməkdir.
Digər çıxış edənlər də ARPA-nın fəaliyyət istiqamətlərindən danışmış, tələbələri bu quruma üzvlüyə və proqramda iştiraka dəvət etmişlər.