Azərbaycan əhalisinin 31,4 faizi gənclərdir
Bakı, 1 fevral (AZƏRTAC). Ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31,4 faizini gənclər təşkil edirlər.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, gənclərin 53 faizi şəhər yerlərində, 47 faizi isə kəndlərdə yaşayır. Gənclərin yarısını qadınlar təşkil edir. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı 12 faiz artmış və bütövlükdə doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya gəlmişdir. Ötən il ölkədə nikaha daxil olanların 75 faizini gənclər təşkil etmiş və son beş ildə nikah bağlayan gənclərin sayı 12 faiz artmışdır. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınlarınkı isə 23-dür. Boşananlar arasında gənclərin xüsusi çəkisi 23 faiz təşkil edir.
Gənclərin sağlam həyat tərzi sürmələri və idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün ölkəmizdə əlverişli şərait yaradılır, hər il yeni idman kompleksləri, stadionlar, üzgüçülük hovuzları və digər obyektlər tikilib istifadəyə verilir.
Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu vardır. Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 17,3 faizini gənclər təşkil edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılması, sağlam həyat tərzinin geniş təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı ildən-ilə azalır.