AZƏRBAYCAN ETNOQRAFİYA MUZEYİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan etnoqrafik baxımdan rəngarəngliyi ilə səciyyələnən qədim bir diyardır. Ölkəmizdə indiyədək qorunub saxlanaraq yaşadılan el sənəti sahələri, maddi və mənəvi mədəniyyət nümunələri tarixi inkişaf prosesinin ayrı-ayrı mərhələlərini aydın əks etdirir. Əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi bəşər sivilizasiyasının ilk ocaqlarından hesab edilən bu ərazidə ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli inkişafı üçün zəmin yaratmış, yurdumuzu etnoqrafik incilər xəzinəsinə çevirmişdir. Azərbaycanın özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə unikal milli mədəniyyətin formalaşmasına təsir göstərmişdir.
Bütün bunlar yerli əhalinin keçmişini və bugününü özündə yaşatmaqla onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, həmçinin xalq yaradıcılığı formalarının dolğun mənzərəsini canlandıran Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili zərurətini meydana çıxarır.
Milli mədəniyyətin gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının zəngin etnoqrafiyasının layiqincə təbliğ edilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyi yaradılsın.
2. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin etnoqrafiyanın və muzeyşünaslığın müasir tələblərinə uyğun fəaliyyətinə dair təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bölgələrin tarixən təşəkkül tapmış etnoqrafik xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Etnoqrafiya Muzeyinin kolleksiyalarla və ekspozisiya üçün zəruri olan digər materiallarla təchizatını təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili üçün müvafiq sahənin ayrılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyul 2008-ci il.