REGİONLAR
Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalıdır
Ağsu, 10 fevral, AZƏRTAC
Ağsuda Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Ağsu nümayəndəliyinin birgə təşkilatçılığı ilə mədəniyyət sarayında “Ulu Öndər və gəncliyimiz” layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyev irsinin daha dərindən mənimsənilməsi istiqamətində gənclərlə görüş keçirilib. Görüşdə rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edən, Vətən müharibəsində döyüş yolu keçən gənclər iştirak ediblər.
Rayon Heydər Əliyev Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə “Gəncliyin inkişafında Ulu Öndərin rolu” adlı videoçarx nümayiş olunub. Sonra Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və GİKM-in Ağsu üzrə nümayəndəsi Məhəmməd Piriyev dinləyicilərə müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən, bununla bağlı görülən işlərdən bəhs edib, son illərdə ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə barədə danışıblar.
Vurğulanıb ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz olmalı, ümummilli maraqlar və dövlət mənafeyi ətrafında sıx birləşərək yumruğunu bir hədəfə vurmalıdır.
Tədbirdə gənclərin də fikirləri səsləndirilib və onları maraqlandıran suallar cavablandırılıb.