SİYASƏT
Azərbaycan Gənclər Parlamentinə imtahan verən namizədlərin adları açıqlanmışdır
Bakı, 6 avqust (AZƏRTAC). Azərbaycan Gənclər Parlamentinə (AGP) imtahan verən namizədlərin adları açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, AGP-yə daxil olan 1187 ərizədən 809-u təsdiqlənmişdir. Namizədlər imtahana dəvət olunmuşdur.
İmtahanlar Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən iyulun 23, 24, 25-də və avqustun 1, 2-də keçirilmişdir.
İmtahanlarda ümumilikdə 543 namizəd iştirak etmiş və ən yüksək nəticə toplayan 208 nəfər növbəti mərhələyə keçmişdir. Siyahı ilə Azərbaycan Gənclər Parlamentinin rəsmi saytında (www.agp.az) tanış olmaq mümkündür. Müsahibə mərhələsinin tarixi və vaxtı ilə bağlı məlumatlar isə yaxın vaxtlarda açıqlanacaqdır.
Qeyd edək ki, AGP 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir. Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq, gənc vətəndaşların ölkədə gedən proseslərdə iştirakını təmin etmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin bacarıqlarının inkişafına, fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə kömək etməkdir.