CƏMİYYƏT
“Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi davam etdiriləcəkdir
Yevlax, 26 yanvar (AZƏRTAC). Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) UNİCEF-in dəstəyi ilə 2011-ci ilin oktyabrından həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi üzrə Yevlax təbliğat qrupunun tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən qrupun rəhbəri Rafiq Əliyev 2012-ci ilin sonunda başa çatması nəzərdə tutulan layihənin 2013-cü ildə də davam etdiriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Goranboy, Tərtər, Yevlax rayonlarını əhatə edən layihə bu ilin aprel ayının sonunadək davam edəcəkdir.
Tədbir “Narkomaniyasız gələcək” mövzusunda davam etdirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın, narkomaniyaya qarşı mübarizə komissiyasının, gənclər və idman idarəsinin, polis şöbəsinin təmsilçilərinin, gənclərin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə çıxış edənlər narkomaniya və onun fəsadları, bu dəhşətli bəlaya qarşı aparılan mübarizədən danışmışlar.
Tədbirdə “Narkomaniyaya yox, sağlam həyat” və “Narkomaniya - bəşəriyyətin bəlası” adlı videoçarxlar nümayiş etdirilmişdir.