İDMAN
Azərbaycan güləşçiləri Tehranda keçirilmiş dünya Kuboku yarışlarında iştirak etmişlər
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə böyüklər arasında dünya Kuboku yarışlarına yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya Respublikası, Ermənistan və Macarıstan güləşçiləri iştirak etmişlər.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə B yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarus, Koreya Respublikası və Ermənistan komandaları A yarımqrupunda mübarizə aparmışlar.
Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirmişlər. Görüş güləşçilərimiz üçün uğurlu alınmamışdır - 3:4. Daha sonra İran yığması ilə qarşılaşan komandamız bu dəfə də istədiyi nəticəni əldə edə bilməmişdir - 2:5. Kollektivimiz yarımqrupda üçüncü görüşü Macarıstana qarşı keçirmiş və 7:0 hesabı ilə tam üstünlüklə qələbə qazanmışdır. Yarımqrupda sonuncu görüşünü Qazaxıstan yığmasına qarşı keçirən komandamız 2:5 hesabı ilə məğlub olmuş və qrupda 4-cü yerdə qərarlaşmışdır.
Bununla da komandamız A yarımqrupunun dördüncüsü olan Belarus yığması ilə 7-ci yer uğrunda görüşə çıxmışdır. 6:1 hesablı qələbə ilə komandamız dünya Kuboku yarışlarını 7-ci yerdə tamamlamışdır.