SİYASƏT
Azərbaycan həqiqətləri barədə Belçikada danışılmışdır
Bakı, 22 iyun (AZƏRTAC). Belçikada səfərdə olan Milli Məclisin deputatı, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva bu ölkənin deputatı Mahinur Özdəmir ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Q.Paşayeva belçikalı deputata Azərbaycan həqiqətləri barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, 200 mindən çox azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış, Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunmuş, həmin ərazilərdə onlar azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məzarları dağıtmış, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları törətmişlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qətnamələrinin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdıran azərbaycanlı deputat Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, inkişafı, xarici siyasəti, Avropaya inteqrasiya istiqamətində görülən işlər barədə də danışmışdır.
M.Özdəmir Azərbaycan həqiqətlərini təbliğ etmək istiqamətində əlindən gələni əsirgəməyəcəyini vurğulamışdır.