İQTİSADİYYAT
Azərbaycan hər il orta hesabla 30 milyard ABŞ dolları dəyərində xam neft ixrac edir
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycan hər il orta hesabla 30 milyard ABŞ dolları dəyərində xam neft ixrac edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARNDŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
Onun sözlərinə görə, Azərbaycanın illik neft hasilatı təxminən 42 milyon ton təşkil edir ki, bunun da 35 milyon tonu ixrac olunur.
R.Abdullayev onu da qeyd etmişdir ki, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondunda 35 milyard dollardan çox valyuta ehtiyatı mövcuddur, ölkənin ümumi valyuta ehtiyatları isə artıq 44 milyard dollara çatmışdır.
Bununla yanaşı, ARDNŞ prezidenti nəzərə çatdırmışdır ki, hazırda əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri tam gücü ilə istismar olunmur. Gələn il Qazaxıstanın “Kaşaqan” yatağında neft hasilatına başlanacaq və bu xam neftin də Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacağı istisna edilmir.