SİYASƏT
Azərbaycan hərbçiləri Rumıniyada “Qara Dəniz Rotasiya Qüvvəsi 2011” çoxtərəfli təlim məşqlərində iştirak edirlər
Bakı, 5 avqust (AZƏRTAC). İyulun 31-də Azərbaycanın əməliyyat imkanları konsepsiyası batalyonunun 99 əsgəri ABŞ-ın iki hərbi təyyarəsi ilə Rumıniyanın Konstanta şəhərinə yola düşmüşdür. Hərbçilər avqustun 12-dək “Qara Dəniz Rotasiya Qüvvəsi-2011” çoxtərəfli təlim məşqlərində iştirak edəcəklər.
ABŞ-ın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, əsgərləri Bakıdan diplomatik nümayəndəliyin hərbi attaşesi polkovnik Daniel Grillon və Müdafiə Nazirliyinin rəsmiləri yola salmışlar.
İlk dəfədir ki, azərbaycanlı əsgərlər “Qara Dəniz Rotasiya Qüvvəsi” təlimlərində iştirak edirlər. Burada onlar Rumıniya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Serbiya, Albaniya, Yunanıstan, Monteneqro və Xorvatiyadan olan hərbçilərlə birgə sülhməramlı və qiyama qarşı təlimlərə qatılacaqlar. Təlimlərə Kaliforniya ştatının San-Dieqo şəhərindən 4-cü Birləşmiş Ştatlar Dəniz Qüvvələri Korpusunun nümayəndələri nəzarət edəcəklər.
“Qara Dəniz Rotasiya Qüvvəsi” təlimlərində əldə ediləcək təcrübə Azərbaycanın əməliyyat imkanları konsepsiyası batalyonunun qiyama qarşı əməliyyatlar aparmaq səriştəsini artıracaq və NATO qüvvələri ilə əməkdaşlığı gücləndirəcəkdir.