ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günləri iyulun 5-dək çərşənbə günləri saat 09:00-dan 17:00-a kimi keçiriləcək. İştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar institut haqqında geniş məlumat alacaqlar. Abituriyentlərə keçid balları, ixtisaslar, xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, xaricdə təhsil imkanları, məzunlar üçün iş imkanları, institutun beynəlxalq əlaqələri, tələbələrin sosial həyatı, yay və qış məktəbləri haqqında ətraflı məlumat veriləcək. Onlar, həmçinin dərs prosesini izləyəcək, Aİİ-nin əməkdaşlarına suallarla müraciət edə biləcəklər.
“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İnstitutun tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.