SİYASƏT
Azərbaycan ilə AŞPA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir
Strasburq, 29 yanvar (AZƏRTAC). Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın qış sessiyası çərçivəsində yanvarın 29-da qurumun yeni seçilmiş sədri An Brassör ilə görüşmüşdür.
S.Seyidov azərbaycanlı jurnalistlərə müsahibəsində demişdir ki, görüşdə Azərbaycan ilə AŞPA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Söhbət zamanı nümayəndə heyətinin rəhbəri əmin olduğunu bildirmişdir ki, yeni sədr Azərbaycan-Avropa Şurası münasibətlərinin konstruktiv şəkildə inkişaf etməsinə dəstək verəcəkdir. Həmçinin, An Brassörun Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar lazım olan dəstəyi göstərəcəyinə əminlik bildirilmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq