RƏSMİ XRONİKA
AZƏRBAYCAN İLƏ AVROPA BİRLİYİ ARASINDA ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ BAŞLANIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AVROPA BİRLİYİ ŞURASININ BAŞ KATİBİ, XARİCİ SİYASƏT VƏ TƏHLÜKƏSİZLİK SİYASƏTİ ÜZRƏ ALİ NÜMAYƏNDƏSİXAVYER SOLANA İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Brüsseldə Avropa Birliyinin iqamətgahına gəlmişdir.
Binada Azərbaycan Respublikasının dövlət bayrağı asılmışdı.
Prezident İlham Əliyevi binanın önündə Avropa Birliyi Şurasının baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyi Şurasının baş katibi Xavyer Solana ilə təkbətək görüşü oldu.
Dövlətimizin başçısı Azərbaycanda gedən siyasi-iqtisadi inkişaf proseslərindən və müxtəlif sahələrdə qazanılan uğurlardan danışdı.
Avropa Birliyinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirən Xavyer Solana bunun müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyini vurğuladı. O, yeni qonşuluq siyasətindən danışaraq, bunu Azərbaycan-Avropa Birliyi əməkdaşlığının yeni mərhələsi adlandırdı. Xavyer Solana Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlərlə də maraqlandı.
Prezident İlham Əliyev ölkəmizin Avropa Birliyi ilə münasibətlərə çox böyük önəm verdiyini vurğuladı, “Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı”nın əhəmiyyətindən danışdı və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini söylədi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırki vəziyyəti barədə ətraflı bəhs edərək dedi ki, bu məsələ yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl olunmaqla həll edilə bilər.
Xavyer Solana Azərbaycanı regionda çox əhəmiyyətli rol oynayan dövlət kimi səciyyələndirdi və ümumiyyətlə, Avropa Birliyinin regionla əlaqələrində ölkəmizlə əməkdaşlığın çox mühüm yeri olduğunu vurğuladı.
X X X
Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirildi.
Brifinqdə çıxış edən cənab Xavyer Solana dedi ki, Avropa Birliyinin böyük dostu olan Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə çox mühüm bir anda səfər etmişdir. Azərbaycanla Avropa Birliyi arasında imzalanacaq sənədlərin müddəalarının həyata keçirilməsi yollarını, habelə hələ də həllini tapmayan regional problemlərin aradan qaldırılması yollarını da müzakirə etdik. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanda, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
Bakıya səfərini xatırladan Xavyer Solana Prezident İlham Əliyevə Brüsselə gəldiyinə görə təşəkkür etdi və bildirdi ki, zənnimcə, bu səfərdən sonra Avropa Birliyi ilə Azərbaycan arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, görüşdə regionla bağlı, habelə ikitərəfli məsələlər nəzərdən keçirildi. Biz indi Avropa Birliyi ilə əməkdaşlığın yeni bir mərhələsinə başlayırıq. Bu əməkdaşlıq Azərbaycanda siyasi və demokratik islahatların aparılması, ölkəmizin müasirləşməsi və iqtisadi inkişafı üçün yaxşı zəmin yaradacaqdır. Avropa Birliyinin yeni qonşuluq siyasəti ölkəmizdəki siyasi və iqtisadi meyarların Avropa Birliyinin meyarlarına uyğunlaşdırılmasına imkan verəcəkdir.
Sonra Prezident İlham Əliyev və Xavyer Solana jurnalistlərin suallarına cavab verdilər.
Dövlətimizin başçısı suallara cavabında, ölkəmizdə həyata keçirilən iri neft-qaz layihələrinin heç kimə qarşı yönəlmədiyini, bunun Azərbaycanın müstəqil siyasəti olduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini bir daha açıqlayaraq dedi ki, bu məsələ ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır.