ELM VƏ TƏHSİL
Azərbaycan ilə Avstraliya arasında təhsil əlaqələri genişlənir
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də Avstraliya İttifaqının Azərbaycan Respublikasındakı səfiri Yan Devvid Qreynq Biqos Təhsil Nazirliyində olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə nazir
Misir Mərdanov Azərbaycan ilə Avstraliya arasında əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində oxuduqlarını bildirmişdir. M.Mərdanov Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin müvafiq siyahısına 21 Avstraliya universitetinin daxil edildiyini xatırlatmışdır. Azərbaycanlı gənclər bu ölkənin ayrı-ayrı ali məktəblərində təhsil alırlar.
Yan Devvid Qreynq Biqos ölkələrimiz arasında təhsil əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır.
Azərbaycanlı gənclərin müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya universitetlərində təhsil almalarını yüksək dəyərləndirən səfir bunun ikitərəfli təhsil əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırmışdır.
Sonra geniş fikir mübadiləsi aparılmışdır.