İQTİSADİYYAT
Azərbaycan ilə BMT arasında münasibətlərin inkişafında FAO-nun xüsusi rolu var
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də kənd təsərrüfatı naziri Heydər Əsədovun BMT-nin Azərbaycan üzrə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsaqzai ilə görüşündə son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və kənd təsərrüfatı istehsalçılarına yaradılan şəraitdən, həmçinin ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Heydər Əsədov bu vəzifəyə təyin olunması ilə əlaqədar Qulam İsaqzaini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
H.Əsədov Azərbaycan və BMT arasında münasibətlərin inkişafında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rolunu xüsusi vurğulayıb. Belə ki, FAO-ya üzv olduğu müddətdə Azərbaycan Hökuməti kənd təsərrüfatında məhsuldarlığın artırılması məqsədilə müxtəlif inkişaf layihələrinin icrası, habelə kənd təsərrüfatında islahatların aparılması və sürətləndirilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində təşkilatdan dəstək alıb.
Eyni zamanda, nazir FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın 2015-ci ildə ölkəmizə səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın kənd təsərrüfatı, xüsusilə də ekologiya sahəsindəki xidmətlərinə görə FAO-nun xoşməramlı səfiri təyin olunmasından məmnunluğunu ifadə edib.
Qulam İsaqzai fəaliyyət müddəti ərzində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də BMT ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.