İQTİSADİYYAT
Azərbaycan ilə İran arasında neft-qaz, energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur
Bakı, 12 yanvar (AZƏRTAC). Yanvarın 12-də Azərbaycanın sənaye və energetika naziri (SEN) Natiq Əliyev ölkəmizdə səfərdə olan Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) sədri, İranın neft sənayesi naziri Səyid Məsud Mirkəzeminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
SEN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında neft-qaz, energetika sahəsində əməkdaşlıq məsələləri, neft-qaz yataqlarının birgə işlənməsi, hasilatı, emalı, satışı və mübadiləsi ətrafında fikir mübadiləsi aparılmışdır. Bundan başqa, neft-kimya kompleksində hər iki ölkənin gələcəkdə birgə layihələrdə iştirakı, bu sahədə əməkdaşlıq məsələlərinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Görüşdə, həmçinin energetika, neft-qaz sahəsində layihələrin həyata keçirilməsini maliyyələşdirmək məqsədi ilə birgə enerji bankının yaradılması və bunun detallarının mütəxəssislər tərəfindən hərtərəfli öyrəniləcəyi fikri səsləndirilmişdir.
Alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq və təcrübə, yeni texnologiyalar mübadiləsinin aparılması məsələləri də müzakirə olunmuşdur.
Görüşdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak etmişdir.