SİYASƏT
AZƏRBAYCAN İLƏ İRAN ARASINDA SİYASİ, İQTİSADİ, DİNİ VƏ MƏDƏNİ ƏLAQƏLƏR DİNAMİK İNKİŞAF EDİR
Bakı, 27 oktyabr (AZƏRTAC). Oktyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində, qurumun sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə şeyxülislam ölkələrimiz arasında qədim tarixi olan əlaqələrdən danışmış, Azərbaycan ilə İran arasında son illər sürətlə inkişaf edən siyasi, iqtisadi, mədəni, dini və digər sahələrdə əməkdaşlığı diqqətə çatdırmışdır. Əminliklə bildirmişdir ki, İran Prezidentinin müşavirinin Azərbaycana səfəri iki qonşu xalq arasında mədəni əlaqələrin genişlənməsinə və gələcəkdə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
A.Paşazadə İranın xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində göstərdiyi səyləri yüksək qiymətləndirmişdir.
Şeyxülislam qonaqlara XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanın üzləşdiyi çətinliklərdən, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmış ümummilli lider Heydər Əliyevin ölkəmizi parçalanmaqdan xilası istiqamətində misilsiz xidmətlərindən də danışmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə daha da çox tanınmış və regionun lider dövlətinə çevrilmişdir. Görülən işlər Azərbaycanın parlaq gələcəyinə ümidləri artırmışdır.
Mehdi Mustafəvi bildirmişdir ki, Azərbaycana səfərindən, Nazirlər Kabinetində, Mədəniyyət və Turizm Nazirliyində keçirdiyi görüşlərdən məmnundur. Sevindirici haldır ki, Azərbaycan ilə İran arasında dostluq əlaqələri getdikcə daha da möhkəmlənir.
Qonaq Azərbaycan rəhbərliyi tərəfindən ölkədə islam dininə diqqət və qayğını, yeni məscidlərin tikintisini yüksək dəyərləndirmiş, şeyxülislamın regionda islam dininin təbliği sahəsində səylərini vurğulamışdır.
Görüşdən xatirə olaraq Mehdi Mustafəviyə İçərişəhərin mənzərəsini əks etdirən şəkil təqdim edilmişdir.
######