İQTİSADİYYAT
Azərbaycan ilə İsveçrə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 28-də Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın İsveçrə tərəfindən həmsədri, İsveçrə federal iqtisadiyyat departamentinin ikitərəfli iqtisadi əlaqələr idarəsinin rəhbəri, səfir Erik Martin ilə görüşmüşdür.
Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, E.Martin birgə komissiyanın 5-ci iclasında iştirak etmək üçün 2011-ci ilin dekabrında Azərbaycana səfərini məmnunluqla xatırlatmış və ikitərəfli əməkdaşlıqda yaranmış müsbət dinamikanı yüksək qiymətləndirmişdir. O, birgə komissiyanın iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından rolunu xüsusi vurğulamışdır. E.Martin iki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları sahələrindəki əlaqələrin inkişafı üçün mövcud potensialdan istifadə edərək İsveçrə tərəfinin Azərbaycan ilə bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istəyini diqqətə çatdırmışdır. E.Martin Holcim başda olmaqla ölkəmizdə fəaliyyət göstərən İsveçrə şirkətlərinin fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkür etmiş və ARDNŞ-in İsveçrədəki fəaliyyətini müsbət qiymətləndirmişdir.
Ə.Zeynallı iqtisadi sahədə ikitərəfli münasibətlərdə əldə edilmiş nailiyyətlərdən danışaraq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirmişdir. Səfir Azərbaycan ilə İsveçrə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğunu söyləmişdir.
Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və geniş tərkibli biznes forumların təşkilinin vacibliyi vurğulanmış, bu istiqamətdə lazımi tədbirlərin görülməsi ilə bağlı razılıq əldə edilmişdir.
Görüşdə, həmçinin birgə ikitərəfli komissiyanın 2011-ci ilin dekabrında Bakıda keçirilmiş 5-ci iclasının yekunlarına əsasən imzalanmış müvafiq protokolda əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.