İQTİSADİYYAT
Azərbaycan ilə Litva arasında enerji sektorunda əməkdaşlığın inkişafı üçün geniş potensial vardır
Bakı, 7 iyunun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Litvanın energetika naziri Arvidas Sekmokasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Rövnəq Abdullayev sərgi və konfransda iştirak üçün dəvəti qəbul etdiyinə görə litvalı nazirə təşəkkürünü bildirmiş, onun konfransdakı çıxışının böyük maraqla dinlənildiyini söyləmişdir.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən ARDNŞ-in prezidenti respublikamızda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi layihələrdən danışmış, neft-qaz sənayesinin bu inkişafdakı mühüm rolunu vurğulamışdır.
Son illər Azərbaycanın neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən R. Abdullayev ölkəmizin qaz ixrac edən dövlətlər arasında layiqli yer tutduğunu vurğulamışdır.
Azərbaycanın ixrac marşrutlarının şaxələndirilməsinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran ARDNŞ-in prezidenti təbii qazın Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd etmişdir.
Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin tutduğu mövqedən, “Şahdəniz” yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsindən, yeni qaz-kondensat yataqlarının açılmasından, habelə həyata keçirilən infrastruktur layihələrindən də danışan R.Abdullayev demişdir ki, Azərbaycan ilə Litva arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial vardır. O, Azərbaycanda xarici sərmayələrin təşviqi və qorunması üçün münbit şəraitin yaradıldığını vurğulayaraq qeyd etmişdir ki, ARDNŞ-də iqtisadi cəhətdən əlverişli olan bütün layihələr dəyərləndirilir.
Arvidas Sekmokas XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının yüksək səviyyədə təşkil edildiyini bildirmiş, bu münasibətlə ARDNŞ-in prezidentini təbrik etmişdir.
Bakının qısa müddətdə xeyli gözəlləşdiyini vurğulayan nazir təmsil etdiyi hökumətin və Litva şirkətlərinin Azərbaycanın enerji sektoruna, xüsusilə də ARDNŞ ilə əməkdaşlığa böyük maraq göstərdiyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.