SİYASƏT
AZƏRBAYCAN İLƏ MİSİR ARASINDA MÜNASİBƏTLƏR YÜKSƏK SƏVİYYƏDƏDİR
Bakı, 27 aprel (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirmişlər ki, aprelin 27-də nazir Elmar Məmmədyarov Misirin xarici işlər nazirinin köməkçisi, MDB ölkələri ilə texniki əməkdaşlıq üzrə Misir fondunun baş katibi Samah M.Sotouhi ilə görüşmüşdür.
Azərbaycan ilə Misir arasında münasibətlərin səviyyəsini yüksək qiymətləndirən qonaq rəhbərlik etdiyi fondun 1992-ci ildən başlayaraq ölkəmizlə sıx əməkdaşlıq etdiyini vurğulamışdır. Fondun müxtəlif sahələrə aid kurslarında Azərbaycandan olan iştirakçıların sayının ildən-ilə artdığını deyən M.Sotouhi bunu ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının təzahürü kimi qiymətləndirmişdir.
Nazir E.Məmmədyarov Azərbaycan tərəfinin fondun təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirərək Diplomatik Akademiya ilə fond arasında mövcud əməkdaşlığa xüsusi önəm vermişdir. Bildirilmişdir ki, bu əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara cavab verir.
Görüşdə bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.