SİYASƏT
AZƏRBAYCAN İLƏ ŞOTLANDİYA ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
London, 16 may (AZƏRTAC). Azərbaycanın Böyük Britaniya, Şimali İrlandiya Krallığındakı səfirliyindən bildirmişlər ki, səfir Fəxrəddin Qurbanov Şotlandiyada işgüzar səfərdə olmuşdur.
Səfər zamanı diplomat Şotlandiyanın Birinci naziri, hökumətin rəhbəri Aleks Salmond və parlamentin vitse-spikeri Alasdair Morqan ilə görüşmüşdür.
Görüşlərdə F.Qurbanov ölkəmizdə və bütövlükdə regionda gedən siyasi proseslər, həyata keçirilmiş layihələr, respublikamızda yaradılmış əlverişli investisiya mühiti barədə əraflı məlumat vermişdir. O, həmçinin Birləşmiş Krallığı təmsil edən şirkətlərin ölkəmizin neft və qeyri-neft sektorunda fəal iştirakını məmnunluqla qeyd etmiş, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulamışdır.
Bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir münaqişənin doğurduğu problemlər və hazırda aparılan sülh danışıqlarından da bəhs etmişdir.
Şotlandiya hökumətinin rəhbəri ölkəmizdə gedən proseslərlə maraqlanmış və münasibətlərin sıxlaşdırılması üçün imkanların araşdırılması vacibliyini vurğulamışdır.
Görüşlərdə, eyni zamanda, iki ölkənin parlament qurumları arasında əlaqələrin mövcud vəziyyəti müzakirə olunmuş və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd edilmişdir.