İQTİSADİYYAT
Azərbaycan ilə Yaponiyanın neft-qaz və enerji sahələrində əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan ilə Yaponiya arasında neft-qaz və enerji sahələrindəki əməkdaşlığının mövcud vəziyyəti müzakirə olunub.
Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə energetika nazirinin müavini Natiq Abbasovun iştirakı ilə Yaponiyanın strateji tədqiqatlar və məsləhətçi xidmətləri ilə məşğul olan İBT Korporasiyasının prezidenti Seiçi Nobuharla görüş keçirilib.
Görüşdə S.Nobuhar Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin təşəbbüsü ilə Azərbaycana reallaşan səfərinin məqsədləri barədə danışıb. Bu səfərin, əsasən, iki ölkə arasında enerji və infrastrukturun inkişaf etdirilməsi sahəsində gələcək əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədi daşıdığını diqqətə çatdırıb.
Bildirilib ki, İBT Korporasiyası Yaponiyada bir sıra dövlət strukturlarının mühüm layihələrini həyata keçirir. Bu qurumlara enerji ehtiyatlarının istifadəsi, İKT, infrastrukturun inkişafı, sərmayə qoyuluşu və digər sahələr üzrə məsləhətlər verir.
Azərbaycanla Yaponiya arasında əməkdaşlığın mövcud səviyyəsini yüksək qiymətləndirən energetika nazirinin müavini N.Abbasov deyib ki, neft-qaz sahəsində Yaponiyanın “Itochu”, “İnpex”, “Mitsui” şirkətlərinin iştirakı, eləcə də Yaponiya hökumətinin krediti vasitəsilə Azərbaycanda “Şimal” elektrik və “Şimal-2” qaz-buxar elektrik stansiyalarının tikintisi bu əməkdaşlığın bariz nümunələridir.
Nazir müavini bildirib ki, hazırda ölkənin prioritet istiqamətlərindən biri enerji daşıyıcılarının istehsalı və satışı zamanı yol verilən itkilərin azaldılması ilə enerji səmərəliliyinə nail olmaqdır. Enerji səmərəliliyi isə ilk növbədə köhnə elektrik enerjisi paylayıcı şəbəkəsinin bərpası və yenidənqurulması ilə bağlıdır ki, bu da elektrik enerjisinin təchizatının etibarlığını artıracaq, paylayıcı şəbəkələrdə itkiləri azaldacaq. Məhz bu istiqamətdə Yaponiya şirkətləri ilə əməkdaşlığa, onların təcrübəsindən bəhrələnməyə ehtiyac var.
Görüşdə bu məsələlərlə bağlı gələcəkdə görülə biləcək işlər ətrafında müzakirələr aparılıb.