ELM VƏ TƏHSİL
“Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycan iqtisad elminin müdrik ağsaqqalı, akademik Əhməd Mahmudovun “Azərbaycan iqtisadiyyatının aktual problemləri” adlı iki cilddən ibarət kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olmuşdur.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin yaradıcı kollektivi tərəfindən hazırlanmış ikicildliyin baş elmi redaktoru Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadədir.
Kitaba akademik Əhməd Mahmudovun iqtisadiyyatın və iqtisad elminin aktual problemlərinə dair rus dilində nəşr olunmuş əsas əsərləri daxil edilmişdir.
Birinci cilddə Azərbaycanda kənd təsərrüfatı istehsalının səmərəliliyi və əkinçiliyin intensivləşdirilməsi problemləri nəzərdən keçirilir. İkinci cilddə isə sovet hakimiyyəti illərində kəndin inkişafı və Azərbaycanın sosial-iqtisadi tərəqqisi məsələlərinə, habelə xalq təsərrüfatı strukturunun səmərəliliyi problemlərinə həsr edilmişdir.
İkicildliyin sonuncu bölməsində iqtisad elminin inkişafının aktual məsələləri nəzərdən keçirilir.