MƏDƏNİYYƏT
Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü ərizə yazaraq bu qurumun üzvlüyündən çıxmışdır
Bakı, 11 iyul (AZƏRTAC). Xalq Artisti, professor Şəfiqə Məmmədova, Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının rəhbəri, kinoşünas Cəmil Quliyev, kinorejissor, Xalq Artisti, professor Oqtay Mirqasım, “Humay” mükafatçısı, Azərbaycanın Əməkdar Artisti Ayan Mirqasımova, kinorejissor, Xalq Artisti Eldar Quliyev, Xalq Rəssamı, professor Mais Ağabəyov, Əməkdar İncəsənət Xadimi, kinoşünas Ayaz Salayev, “Nərimanfilm” şirkətinin prezidenti Nəriman Məmmədov və kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə ərizə ilə müraciət edərək Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən çıxmışlar.
Eyni zamanda, kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, professor Şəfiqə Məmmədovaya ərizə ilə müraciət edərək bu quruma üzv qəbul edilməsini xahiş etmişdir.
Bu barədə AZƏRTAC-a Dövlət Film Fondunun direktoru, “Mədəniyyət” telekanalının rəhbəri, kinoşünas Cəmil Quliyev məlumat vermişdir.