REGİONLAR
“Azərbaycan Könüllülük Həftəsi” Ağcabədidə "VətənimİZ" devizi altında tədbirlərlə davam edib
Ağcabədi, 2 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatların və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” "VətənimİZ" devizi altında silsilə tədbirlərlə davam edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, “Regional İnkişaf” İctimai Birliyinin gənc könüllüləri ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə qızılgül və qərənfillər qoyub, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Gənclər sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya, foto və sənədlərlə tanış olub, “Əsl məhəbbət haqqında” sənədli filmini izləyiblər.
“Azərbaycan Könüllülük Həftəsi” dekabrın 9-dək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcək. “Şəhidimiz” kampaniyası ilə start götürən həftədə növbəti günlərdə “Könüllülük sərhəd tanımır!” çərçivəsində xüsusi qayğıya ehtiyacı olan insanlar üçün sosial işlər, “TəbiətimİZ” adı altında ekoloji aksiyalar və digər tədbirlərin təşkili nəzərdə tutulur. Dekabrın 5-də isə Azərbaycan Könüllülərinin Həmrəylik Forumuna və xüsusi konsert-əyləncə proqramına minlərlə gənc qatılacaq. Həftənin ən fəal 300 könüllüsü 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəklər.