İQTİSADİYYAT
Azərbaycan Memarlar İttifaqının 80 illik yubileyi qeyd olunub
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının (AMİ) 80 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Memarlar İttifaqının idarə heyətinin üzvləri əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra tədbir iştirakçıları Muğam Mərkəzində Azərbaycan memarlarının layihələrindən ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbirində çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə bu yaradıcılıq birliyinin tarixindən danışaraq bildirib ki, 1934-cü ildə Azərbaycan memarlarının birinci qurultayını keçirmək üçün təşkilat komitəsi yaradılıb və 1936-cı ilin mart ayında ittifaqın ilk təsis qurultayı keçirilib.
E.Qasımzadə qeyd edib ki, ötən 80 ildə Azərbaycan memarları dünya memarlıq sənətinə 1000-dən çox gözəl əsər bəxş edib. Azərbaycan memarlarının əsərləri yalnız respublikamızda deyil, yaxın Şərqdə - Suriyada, Mərkəzi Asiyada da tanınır.
Memarlar İttifaqı idarə heyətinin sədri deyib ki, keçmiş SSRİ məkanında kifayət qədər nüfuzlu mütəxəssislər kimi ad qazanan Azərbaycan memarları arasında uzun müddət ölkənin Memarlar İttifaqına rəhbərlik edən akademik Mikayıl Useynovun xidmətləri əvəzsizdir. O dövrdə Azərbaycandan memar ixtisaslı yeganə Sosialist Əməyi Qəhrəmanı da məhz Mikayıl Useynov olub. Bu həm də Azərbaycan memarlığının beynəlxalq səviyyədə nüfuzunun göstəricisidir.
E.Qasımzadə, həmçinin diqqətə çatdırıb ki, müstəqillik illərində respublikanın üzləşdiyi çətinliklərə baxmayaraq, Azərbaycan 1992-ci ildə ABŞ-ın Çikaqo şəhərində keçirilən beynəlxalq konqresdə Beynəlxalq Memarlar İttifaqının müstəqil üzvü seçilib. Onun sözlərinə görə, hətta bu günədək keçmiş SSRİ respublikalarından bəziləri bu mötəbər qurumun müstəqil üzvü deyil.
Bildirilib ki, müasir dövrdə Azərbaycan memarlığı və şəhərsalması dövlət siyasətinin ayrılmaz bir hissəsi olmaqla Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, 2016-cı il noyabrın 25-də dövlət başçısının imzaladığı Sərəncamlarla respublikamızda memarlıq sahəsində nailiyyətlər qazanmış 18 nəfərin fəaliyyətinə yüksək qiymət verilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yüksək adlara layiq görülmüş memarları təbrik edərək, onlara yaradıcılıq nailiyyətləri arzulayıb.
Nazir vurğulayıb ki, memarın istedadı, yaradıcılıq qabiliyyəti olmasa, bizim yaşadığımız məkan bu qədər gözəl və rəngarəng ola bilməzdi.
Azərbaycan xalqının memarlıq məktəbindən danışan Əbülfəs Qarayev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun UNESCO-nun Dünya İrs Siyahısına daxil olunduğu xatırladıb. “Biz bu gün Şəki şəhərinin də UNESCO-nun siyahısına daxil edilməsinə çalışırıq və lazımi sənədləri hazırlayırıq. Naxçıvanın türbələri və o dövrdə yaşayıb-yaradan memarlarımızın əsərlərini də UNESCO-nun siyahısına daxil etmək istəyirik. Biz bu əsərlərlə fəxr edirik. Çünki bütün bunlar xalqımızın, tariximizin və Azərbaycan memarlığının inkişafının bariz göstəricisidir”, - deyə, nazir vurğulayıb.
Yubiley mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digərləri milli memarlığın inkişafına böyük töhfələr vermiş memarları yüksək dövlət mükafatlarına layiq görüldüklərinə görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Sonra Prezidentin Sərəncamı ilə fəxri adlar almış memarlar təltif olunublar.