Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan işçilərə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

2. Azərbaycan Milli Elmlər Akdemiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1 milyon 500 min manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1 milyon manat məbləğində müəyyən edilsin.

3.Azərbaycan Milli Elmlər Akademiyasının elmi bölmələrinin akademik katiblərinin və Rəyasət Heyəti üzvlərinin aylıq vəzifə maaşları 1 milyon 200 min manat məbləğində müəyyən edilsin.

4.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5.Bu Sərəncam 2002-ci il iyul ayının 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin