AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ NAXÇIVAN BÖLMƏSİNİN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Milli Elmlər Akademiyasının müraciətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi təsis edilsin. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunu, Təbii Ehtiyyatlar İnstitutunu, Bioresurslar İnstitutunu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasını əhatə edir.
2. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti statusuna malikdir.
3. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin maliyyələşdirilməsi hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə göstərilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin səmərəli fəaliyyəti üçün lazım olan binaların və digər maddi-texniki vəsaitin ayrılmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2002-ci il