ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti beynəlxalq tədbirlərdə iştirak edəcək
Bakı,30 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-dən 12-dək İsveçrənin Luqano və İtaliyanın Milan şəhərlərində səfərdə olacaq.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqsəd “Milan Ekspo-2015” tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzi ilə birgə elmi-populyar konfrans təşkil etməkdir.
Səfərdə AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, beynəlxalq əlaqələr idarəsinin beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, həmin idarənin xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidov, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Adil Əliyev də iştirak edəcəklər.
Tədbirdə akademik A.Əlizadənin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş “Food-Life-Science” adlı təqdimatla çıxışı nəzərdə tutulub.
Tədbirin davamı olaraq Luqano meriyasının dəvəti ilə Azərbaycan nümayəndə heyəti bu şəhərdə keçiriləcək konfransda iştirak edəcək. Konfransda akademik Rasim Əliquliyev “Neft strategiyasından informasiya-kommunikasiya texnologiyaları strategiyasına: nailiyyətlər və perspektivlər” və Adil Əliyev “Azərbaycanda palçıq vulkanları fenomeni” mövzusunda məruzələrlə çıxış edəcəklər.
Qeyd edək ki, bu ilin mayında açılan və 145 ölkənin qatıldığı beynəlxalq sərgidə Azərbaycanın pavilyonu 1800 kvadratmetr sahəni əhatə edir. Milli pavilyonumuzda Azərbaycan simaları, elmi nailiyyətlər, bölgə mətbəxləri, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, təbii ehtiyatlara qənaət və digər mövzulardan bəhs edilir.