ELM VƏ TƏHSİL
AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASI ELMİ MƏRKƏZİNİN İLLİK FƏALİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclasında Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin 2007-ci ildəki fəaliyyəti müzakirə edilmişdir.
Qurumun direktoru, akademik Tofiq Nağıyev bildirmişdir ki, mərkəz tərəfindən hazırlanan “Azərbaycan” xüsusi cildinin Almaniyanın “Ziqlox-qrup” nəşriyyatında kitabxanalar və abunəçilər üçün nəzərdə tutulmuş hissəsi nəfis şəkildə, yüksək poliqrafik səviyyədə nəşr edilərək Bakıya gətirilmiş və Təhsil Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin anbarlarında yerləşdirilmişdir.
Universal çoxcildli Milli Ensiklopediyanın tərkib hissəsi olan və bütövlükdə Azərbaycan Respublikasına həsr edilmiş bu cilddə 230 müəllif tərəfindən yazılmış 155 məqalə, 55 xəritə, 69 xəritə-sxem, 588 illüstrasiya, 17 sxem və 97 cədvəl verilmişdir. Kitab 14 bölmədən ibarətdir. Buraya ümumi məlumat, təbiət, təbii ehtiyatlar, ekologiya, əhali, dil, din, tarix, Azərbaycan dövlətinin konstitutsiya əsasları, milli təhlükəsizlik, xarici siyasət, diaspor, iqtisadiyyat, səhiyyə, idman, turizm, Azərbaycan Respublikasının inzibati ərazi vahidləri, əlavələr daxildir. Hazırda “Azərbaycan” xüsusi cildin respublika kitabxanalarına paylanması və abunəçilərə çatdırılması ilə bağlı təşkilati işlər görülür.
İclasda Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinin və Respublika “Xatirə kitabı” redaksiyasının ötən ildəki hesabatları da dinlənilmiş, təkliflər verilmişdir.