AZƏRBAYCAN MİLLİ ENSİKLOPEDİYASININ NƏŞRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə yeni dövrün tələblərinə cavab verən, xalqımızın həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxmışdır. Dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. 2004-2008-ci illərdə çoxcildli Azərbaycan Milli Ensiklopediyası nəşr edilsin.
2. “Azərbaycan Ensiklopediyası” nəşriyyat-poliqrafiya birliyi Azərbaycan Milli Elmlər Akademiyasının tabeçiliyinə verilsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərim oğlu Kərimov Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru təyin edilsin.
4. Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru
- bir ay ərzində ensiklopediyanın redaksiya heyətinin tərkibini və əsasnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- ensiklopediyanın hazırlanması və nəşri ilə bağlı maliyyə xərclərinin smetasını iki ay ərzində tərtib edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
- üç ay ərzində Azərbaycan Milli Ensiklopediyasının sözlük layihələrinin hazırlanıb geniş müzakirəyə çıxarılmasını təmin etsin;
- redaksiya heyəti ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin etsin;
- 2004-cü ilin sonuna qədər ensiklopediyanın “Azərbaycan Respublikası” adlanan birinci cildinin hazırlanıb latın qrafikasında nəşr olunmasını, onun mətninin elektron daşıyıcıları və internet vasitələri ilə yayılmasını təmin etsin;
- Azərbaycan Milli Ensiklopediyasının hazırlanması işlərinin gedişi haqqında Azərbaycan Respublikasının Prezidentinə müntəzəm məlumat versin.
5. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına, bütün elmi təşkilatlarına və yaradıcılıq birliklərinə Azərbaycan Milli Ensiklopediyasının çapa hazırlanmasında iştirak etmək tövsiyə olunsun.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
7. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 12 yanvar 2004-cü il.